Qalx və xəbərdar et!
74. Müdəssir, ayələr 1-2. Surənin ilk ayəsi gizlənənə (müdəssirə) müraciətdir və ikinci ayə artıq qalxmaq vaxtının gəldiyini və ondan xəbərdarlıq etməyə başlamasını tələb edir. Bax bu iki ayə (təbii ki, burada ərəb əslindən bəhs edilir) cəmi 19 hərfdən ibarətdir. Ayələrin say dəyərləri (əbcəd hesabı) neçədir? Eşitdikdə inanmağa çətinlik çəkə bilərsiniz. Bu iki ayənin əbcəd ədəd dəyəri tam 1974-dür. Mənanın, riyaziyyatın və möcüzənin gerçəkləşməsinin bir-birinə belə uyğun gəlməsi, görün, nə qədər mükəmməldir!!! Həmd olsun Fövqəluca Allah! Təkcə O, bu mükəmməlliyi yaratmağa Qadirdir! Müdəssir surəsinin ilk ayələrindən başlayaraq 19 möcüzəsi bütün Quranı sarmaqdadır. Peyğəmbərimizə (s.ə.s.) Quranın nazil edildiyi dövrdə 19 möcüzəsinin insanlar tərəfindən kəşf ediləcəyi tarixini də Müdrik Allah göstərmişdir. Surənin ilk ayəsi 74.1 kimi göstərilir. Say möcüzəsi baxımından əhəmiyyət kəsb edən – bu ayədən başlayaraq Quranın sonuna qədər 741 ayə vardır və 741 (19 x 39) = a bərabərdir. Həmin surədə Quranın insan sözü olduğunu söyləyən adamın “Səqərə” atılacağı göstərilir. 27-ci ayədə “Səqər nədir, bilirmisən?” – deyə soruşularaq, “Səqərin” mənası açıqlanır. Daha sonra, Səqər - hər şeyi qapsayan və insanlara mənzərələr göstərən bir cəza kimi tərif verilir. Tədqiqatçı alimlərin bildirdikləri kimi, bu cəza Cəhənnəm ola biləcəyi kimi, onun kafirlərə verilən cavab olaraq 19 sayı olduğunu da düşünmək olar. Çünki Cəhənnəm hər şeyi əhatə edən, insanlara törətdiklərini göstərən bir özəllik olduğu kimi, 19 sayının da bütün Quranı riyazi bir sistem kimi daxildən gizlicə əhatəyə alıb mühafizə edən, mənzərələr təqdim etməklə möcüzəsini göstərən və, beləliklə, kafirlərin “Bu sadəcə bir insan sözüdür” iddiasına cavab verən bir özəlliyi vardır. Səqərə bu iki mənadan hansı birinin verilməsindən asılı olmayaraq, 31-ci ayədə 19 sayının vəzifələrinə diqqət yönəldildiyi üçün, nəticə dəyişməz qalır. Bütün hallarda “səqər” sözü 19 sayı baxımından əhəmiyyətli kəlmədir və Quranda 4 dəfə təkrarlanan bu sözün 3-ü Müdəssir surəsindədir. Bu surədə “səqərin” üç dəfə keçməsinin riyazi qaydada kodlanmasının şahidi oluruq. Müdəssir surəsində “səqər” sözü 26, 27 və 42-ci ayələrdə keçir. Bu üç ayənin cəmi – 95-dir (19 x 5). Ayrıca bunların riyazi (əbcəd) dəyərlərinin cəmi 1900 edir. 1900 həm (19 x 100)-ə bərabərdir, həm də bu 3 ayənin riyazi dəyəri ilə Müdəssir surəsinin sıra nömrəsi olan 74-ü toplasaq, yenə 19 möcüzəsinin iyirminci əsrdə tapılması tarixi alınır [4]. Möhtərəm oxucu qardaş və bacılar! Mən düşünürəm ki, sağlam düşüncəyə malik hər bir insan bu möcüzənin Haqqın özündən gəldiyini dərk etməyə qabildir. Bununla 19 möcüzəsi haqqında izahı bitirməliyəm, çünki bütöv bir sanballı elmi əsəri bu ön sözümdə, maraqlı da olsa, daha geniş şərh etməyə imkan məhduddur. Bununla əlaqədar oxuculara Quranın kəşf edilən digər bir əsas məsələsi “Bismillah” ifadəsi ilə bağlıdır. Quranın oxucularının nəzərini cəlb edən və “Bismilləhirrahmənirrahim” kimi ən çox oxunan “Bismillah” ifadəsidir. Deyə bilərəm ki, dünyanın ən çox təkrarlanan söz birləşməsi olan “Mərhəmətli və Rəhmli Allahın adı ilə” söz tərkibini ifadə edən – Bismillahdır. Bismillah Quranın hər surəsinin əvvəlində verilmiş və 114 dəfə, yəni, 19 x 6 =114 dəfə təkrarlanmışdır. Lakin 9-cu Tövbə surəsi istisnadır. “Bismillah” ilə əlaqədar olan xarüqəladə xüsusiyyətlər araşdırıldıqca, genişlənməyə meyl edir. Müdəssir surəsinin 30-cu ayəsində keçən “Üzərində 19 vardır” ifadəsinin əlamətlərindən biri də, gəldiyimiz qənaətə görə, Bismillahdır. Bismillah (ərəbcədə) 19 hərfdir. O, Qurandakı surələrin üstündə yazılır və Quranın dəyişmədiyini, riyazi kodunu və riyazi möcüzəsini göstərir. İndi isə, bu bir sözün 19 kodu ilə bağlı öz daxilində törətdiyi möcüzələri nəzərdən keçirib araşdıraq. Bu söz bu dünyada və Quranda ən çox təkrarlanan və həmçinin dünyanın ən xarüqəladə bir kəlməsidir. Bismillaha aid olan sözləri və bu sözlərin riyazi dəyərini (yəni əbcəd hesabını) araşdıraq.
Bismillahın Allahın adlarını əmələ gətirən hissəsinin riyazi dəyəri 19-a bölünənlərdir.
Bismillahın tamından çıxan 19 koduna bağlı riyazi möcüzələr çoxdur. Bunların ancaq bir qismini göstərək: 1. 19 hərfdən əmələ gələn Bismillahın sözlərindəki hərflərin hərf sayını hər sözün sıra nömrəsindən sonra yazmalı olsaq, əldə edəcəyimiz 8 rəqəmli sayı 19-a tam bölünəndir: X 19 x 36686 2. Birinci nümunədəki sözlərin hərf saylarının yerinə onların riyazi dəyərlərinin cəmini yerləşdirək. Hər sözün sıra nömrəsindən sonra o sözün riyazi dəyərinin cəmini qoysaq, əldə edəcəyimiz 15 rəqəmli say 19-un tam bölünəni olacaqdır: X 5801401752331 3. İkinci nümunədəki sözlərin riyazi dəyərlərinin cəmi yerinə hər hərfin ayrı-ayrı riyazi dəyərlərini yerləşdirək. Nümunəmizin ilk sözünün riyazi dəyərinin cəmi olan 102 yerinə, o sözdəki üç hərfin riyazi dəyəri olan 2, 60, 40 saylarını qoyaq. Nəticədə əldə edəcəyimiz 37 rəqəmlik say 19-a tam bölünəndir (Bu bölmələri uzun sayların hesablamalarını apara bilən kompüter proqramında yoxlaya bilərsiniz. Amma maraqlıdır ki, görəsən inkarçılardan Muhəmməd Peyğəmbərin (s.ə.s.) 1400 il bundan əvvəl belə bir proqramı kəşf etdiyini iddia edənlər tapılacaqmı?): X.... Bir sözlə desək, tədqiqatçılar bu nümunələrin sayını 10-a qədər davam etdirmişlər və sonuncu nəticədə ağlasığmaz bir say alınmışdır ki, o da tam qalıqsız 19-a bölünür. Tədqiqatçıların yazdıqlarına görə bu ilahi kəlməsini araşdıran digər alimlər (Abdullah Arık “Mümkün olanların fövqündə” adlı ingilis dilində olan kitabında və b.) “Bismillah” ifadəsinin öz içində görünən riyazi sistemi daha da dərin və davamlı tədqiq etmişdir. Lakin bu uzun rəqəmlərin araşdırılması bəzi insanları yora bilər deyə, onu uzatmıram və oxuculara bir daha bildirmək istəyirəm ki, Təfsirin tərcüməsinin IV cildinin ön sözündə bu əlavə izahatları və örnəkləri verməyimin əsas məqsədi – Allahın Kitabına olan inamı daha da möhkəmlətmək və bu minvalla, iman gətirməkdə tərəddüd edənlərə yeni elmi dəlillər təqdim etməkdir. Doğru yol göstərən isə təkcə Allahdır. Bundan başqa, həm Quran tədqiqatçılarının, həm də bəndənizin onların bu Önsözdə bəzi elmi faktlarını iqtibas etməyinin ən başlıca məqsədi əlbəttə ki, bu dəlillərlə Quranın sabitliyinin, mükəmməlliyinin, dəyişdirilməzliyinin möhtərəm oxucularımıza əyani şəkildə təqdim etmək istəyindən irəli gəlmişdir. Bir nümunə də gətirmək məcburiyyətindəyəm. Bəqərə surəsinin iki ayəsinə (2/23-24) və onların elmi axtarışlardan hasil edilən şərhinə diqqət yetirin:
(2.23) “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” Gər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin. Quranın riyazi möcüzələri ilə bağlı bölmələrini oxuduqca, onun tək bir surəsinin belə təqlid edilə bilməyəcəyini daha yaxşı anlayacaqsınız. Quranın hər bir surəsinin özü və onun daxilində keçən bir çox mübarək kəlmələri ( tədqiqatçılar ancaq yaxın günlərədək gerçəkləşdirilən kəşflərə əsaslanaraq “bir-çox” ifadəsini işlədirlər. Lakin onların qənaətinə görə, Quranın riyazi möcüzəsinin araşdırılmaları dərinləşdirildikcə və genişləndirildikcə, hər kəlmənin belə riyazi ahəngdarlığa malik olması aşkar ediləcəkdir ) riyazi açarla kilidlənmişdir. Əgər Quranın təkcə bir surəsini belə kənara qoysanız, 19 sisteminə görə 19 x 6 = 114 olan Quranın surələrinin sayı, bu surənin kənara qoyulması ilə tam pozular. Bu şərəfli surədə “bir gün (yəvm”) sözünün iki dəfə keçdiyini nəzərdə tutsaq, Quranda 365 dəfə keçən “bir gün (yəvm)” sözü beləcə 363-ə düşəcəyinə görə riyazi möcüzə pozulacaq. Sonra, deyək ki, bu surədə 3 dəfə “dünya”, 1 dəfə “Axirət” sözlərinin keçdiyini düşünsək, onda bu sözlərin hər ikisi birlikdə bir-biri ilə bağlı olaraq 115 dəfə keçir. Bu surə Qurandan çıxarılarsa, “dünya” sözünün təkrarı 112-yə, “Axirət” sözünün təkrarı isə 114-ə düşər və riyazi ahəng pozular. Bu misal bütün surələrə xasdır. Hər hansı bir surənin Qurandan çıxarılması Quranın bütün riyazi sistemini pozacaqdır. Beləliklə, Quranın hər bir əlahiddə surəsi onun tamının dəyişməz və mütləq bir parçasıdır. Bir surə tam Quran deməkdir. Quranın riyazi möcüzəsinin tamı o biri surələrinin varlığını zəruri edir. Daha sonra tədqiqatçılar qeyd edirlər ki, heç şübhəsiz ki, Quran surələrinin mükəmməlliyi və riyazi möcüzələrinin həcmi bu gün kəşf edilənlərdən daha çoxdur. Bu ecazkar İlahi düzülüş ona dəlalət edir ki, Quranda nəyinsə olmaması, götürülməsi və ya gizlədilməsi kimi iddialar necə də mənasız və əsassızdır! Yuxarıda qeyd etdiyim əlavələrdən başqa, tərcüməmizin dördüncü cildinin özəlliklərindən bəhs edərkən, dəyərli oxuculara mütləq göstərməliyəm ki, əvvəlki (I-III) cilidlərlə müqayisə edilməli olarsa, bu cilddə əsərin müxtəlif yönlərinə aid müəyyən fərqlər tapmaq mümkündür. İlk növbədə bu, kitabın lüğət tərkibi, yeni ifadələr və terminologiya ilə bağlı özəlliklərdə özünü göstərməkdədir. Adı yadımda olmayan təcrübəli bir mütərcim yazıb ki, hər hansı ciddi tərcüməçi çoxcildli fundamental əsərləri çevirib, cilidlərini tək-tək və ayrı-ayrı vaxtlarda nəşr etdirirsə, onların işlənməsində və oxuculara çatdırılmasında müəyyən fərqlər mütləq olmalıdır. Bu, təbii ki, Əbdürrəhman əs-Səədinin böyük həcmli Quran Təfsirinə də şamil edilə bilər. Məhz bu cildin ayələrini bütövlükdə gənc alim Elmir Quliyevin ərəbcədən rus dilinə çevirdiyi Quran tərcüməsindən birbaşa çevirmiş və bu çox məsuliyyətli işi öz üstümə götürməkdə ancaq Fövqəluca Allahın lütfkarlığına sığınmış, haqqı yanıltmamaq, ayələrin tərcümə mətnində yabançı ifadələrə (yəni əlavə sözlərə) yol verməmək üçün bütün müasir imkanlardan, Allahın köməyi ilə, geniş yararlanmağa, ayələrin mətnini dönə-dönə yoxlayıb, son dərəcə çoxsaylı və müxtəlif mənbələrdən və üsullardan istifadə etməklə, çarpaz araşdırmağa, müqayisə edib, tutuşdurmağa çalışmışam ki, ayələrin Azərbaycan dilinə tərcüməsi mümkün olduqca əsli mətnə yaxınlaşsın. Qeyd etdiyim kimi, Quran ayələrinin rus dilindən tərcüməsinə istinad etməyimi qısaca əsaslandırmaq istəyirəm. Doğrudan da həmyerlimiz gənc alim E. Quliyevin Quranı ərəbcədən birbaşa rus dilinə tərcümə etməsini rusdilli insanlar üçün çox gözəl bir nemət adlandırmaq olar. Bu tərcümə, həqiqətən, ona qədərki Quran tərcümələrindən öz sadəliyi, anlaşıqlı olması və özündən əvvəlki bir sıra xətalardan xali olması ilə seçilir və mənim Əbdürrəhman əs-Səədinin Şərhinin tərcümə edilməsi üçün onun çevirisindən inamla istifadə etməyim heç də təsadüfi deyil. E. Quliyevin tərcüməsində ayələrin mətninə müdaxilə (hərçənd bəzi əlavə sözlər kursivlə yazılaraq fərqləndirilir) mümkün qədər azaldılmışdır. Bu, mənə görə ən vacib şərtlərdən biridir. Ölkəmizdə ərsəyə gətirilmiş Quran tərcümələrinin əksəriyyətində ayələrə, yəni Allahın kəlamlarına birbaşa tərcüməçi sözünü əlavə etmək, sanki normal bir hal şəklini almışdır (Bu təkcə bizdə deyil). Bəzi tərcüməçilərimiz, ayəni oxucuya, guya daha anlaşıqlı çatdırılması üçün ona əlavə söz, söz birləşmələri və hətta bütöv cümlələr qoşurlar. Özü də, əksər hallarda, ayəyə əlavə edilən sözlər ya nağıl tərzli hekayətlərdən iqtibas edilir, ya da tərcüməçinin öz “əfsanəvi” yaradıcılıq çağının bəhrəsindən törəmiş olur (digər hallar da istisna deyil). Hətta, bəzən bu əlavələr, oxucunu açıq-aşkar mətnin əsli mənasından uzaqlaşdırır. Mən əyani misal çəkib şəxsiyyətlərə toxunmaq istəmirəm, çünki bu əlavələr qəsd-qərəzlə edilən yanıltma deyil, sadəcə, ənənəvi olaraq bir dildən və ya bir tərcümədən digərinə adlayan yayılmış ifadələrdir (Etiraf edirəm ki, bəzən kimisə incik salmamaq üçün lap “Ezop dilində” yazmağa məcbur olursan). Yeganə bir misal (belə hallar, ümumiyyətlə, az deyil). Mən onu bu ön sözün 3-cü səhifəaltı qeydində göstərmişəm. Ona ciddi diqqət yetirin. Müdrik Allah o ayəni nazil edərkən 19 kəlməsini çox böyük bir möcüzəyə - Quranın özünümühafizəsi mexanizminin əsas meyarına işarə etdiyi halda, tərcüməçilərimiz onu bu konkret təyinatdan yayındırmış, mühüm bir ilahi mesajın mənasını qeyri-iradi olaraq pərdələmişlər. Əgər bunu etməsəydilər və ayəni olduğu kimi, əlavəsiz versəydilər, necə də anlaşıqlı və həqiqətə yaxın olardı. Təfsirin bu cildinin sətiraltı qeydlərində istifadə etdiyim tədqiqat səciyyəli materiallar haqqında yuxarıda verdiyim kəsə məlumatdan sonra bir neçə mülahizəmi, bu cildə məxsus digər özəllikləri oxuculara bildirmək yerinə düşərdi. Təfsirin I cildində: dörd surə - Fatihə, Bəqərə, Ali-İmran və Nisa surələri; Təfsirin II cildində də: dörd surə - Maidə, Ənam, Əraf və Ənfal surələri; Təfsirin III cildində: səkkiz surə - Tövbə, Yunus, Hud, Yusuf, Rəd, İbrahim, Hicr, Nəhl surələri; Təfsirin hazırkı IV cildində isə yeddi surə - İsra, Kəhf, Məryəm, Taha, Ənbiya, Həcc və Muminun surələri verilmişdir. Bu ön sözümdə əhəmiyyətli bir izah – müəllif şərhlərinin mətni daxilində verilən Quran ayələrinin fraqmentarlığı ilə bağlıdır. Açığını desək, əvvəlki hissələrdə mən buna xüsusi diqqət ayırmamışdım və tərcüməsini əxz etdiyim mətndə istifadə olunan ayələrin, ədəbiyyatımızda qəbul olunmuş standartlarına görə, əvvəlində, daxilində və ya sonunda üç nöqtədən ibarət boşluqlara rast gəlmədikdə, onları eyni ilə çevirirdim ki, bu da öz növbəsində oxucularda yanlış təsəvvür yarada bilərdi. Adətən, bizim bəzi oxucularımız, müəllifin mətnlə əlaqədar istənilən ayənin ancaq müəyyən bir hissəsini iqtibas etməkdə haqlı olduğunu bilmədən, tərcüməçiyə irad tutmağa çox meyl göstərirlər. Çox vaxt şərh olunan mətn hər hansı ayədən ancaq müəyyən fraqmenti tələb edir, yəni, burada ayə tam şəkildə, oxucuya məlum olan tərtibdə deyil, ixtisar edilmiş formatda verilir ki, bu, ədəbiyyatda normal üsuldur. Amma kifayət qədər təcrübəyə malik olmayan oxucu bunu tərcüməçinin ayəni tam çevirməməsi, natamamlığı və s. ilə əlaqələndirərək şikayətlənir. Oxucu ayəni əzbər bildiyindən və ya onu Quranla yoxladığına görəmi, onun doğrudan da natamam olduğunu görür və onda şübhə və narazılıq yaranır. Məhz belə hallara mən Təfsirin 4-cü cildində qətiyyən yol verməməyə çalışmışam. Burada iki məqam var. Ən birincisi, müəllifin və ya tərcüməçinin yol verdiyi nöqsandır ki, o fraqmenti iqtibas edərkən, onu tələb olunan formada tərtib etməmişdir. Düzgün tərtib edildikdə, fraqmentin başlanğıcına və sonuna (əgər ayə tam əks etdirilmirsə), mütləq üç nöqtə işarəsi qoyulmalıdır və hörmətli oxucu da bu nöqtələri gördükdə bilməlidir ki, burda ayənin, necə deyərlər, “qanuni” şəkildə iqtibas edilmiş müəyyən bir parçası, hissəsidir. Belə olduqda, oxucuda şübhə yeri qalmır. Mən deyərdim ki, bu gün gənc yazarlarımız və tərcüməçilərimizin bir qismində bu qaydalara, bəzən, etinasız yanaşma halları özünü büruzə verir. Təsəvvür edin ki, sadəcə olaraq, üç nöqtə qoyulmaması nəticəsində oxucu tərcüməçini savadsızlıqda, bacarıqsızlıqda və daha başqa “günahlarda” ittiham edir. Bəzən oxucu, qismən, haqlı da olur. Bu qeydlərimlə mən həm mütərcimlərimizə və həm də hörmətli oxucularımıza diqqətli olmalarını tövsiyə edirəm. Bu cildin materiallarının tərcüməsi və tərtibatı üzərində işləyərkən oxucularımızın mənə birbaşa müraciət etməsinin xeyli faydalı olduğunu qeyd etmək istəyirəm. Əvvəla onu deyim ki, I-III cildlərin hər birinin ön sözündə mən oxuculara müraciət edərək, ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə olunub, geniş oxucu kütləsinə təqdim edilən bu əsər, onun tərcümə keyfiyyəti və digər xüsusiyyətləri haqqında, həmçinin oxucuların kitabla əlaqədar arzu və fikirlərini bildirmələrini xahiş etmişəm və bu məqsədlə ayrı-ayrı vaxtlarda nəşr olunmuş cilidlərin hamısında telefon nömrəmi və elektron ünvanımı neçə-neçə yerdə göstərmişəm. Öz dəyərli təklif və təshihlərini, az da olsa, göndərənlər var və özü də mənim heç tanımadığım və görmədiyim adamlar arasında... Çox olmasalar da var. Allah onlara kömək olsun və onların elmini daha da artırsın! Onlardan Elşən Zaməddinovu xüsusilə qeyd etmək, ona bu yazımda, fürsətdən istifadə edib, dərin minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən, Elşən Zaməddinov könüllü surətdə çox dəyərli bir təşəbbüs göstərmiş, Təfsirin I cildini diqqətlə oxuyaraq, bəzi vacib təkliflər irəli sürmüşdür. Onun xüsusi səyi sayəsində, nəzərdən qaçan bir sıra qüsurlar və texniki çatışmazlıqlar aşkar edilmiş, onların təhsis edilməsi üçün tədbirlər hazırlanmış və oxuculara çatdırılmasından ötrü paylanmışdır. Müşfiq qəsəbəsi sakini Sahil də 3-cü cildin bir müddəasına dair öz dəyərli (“dilənçi”- “miskin” sözü ilə bağlı) təklifini bizdən əsirgəməmişdir. Əbdürrəhman əs-Səədinin bu çox dəyərli təməl əsərinin tərcüməsi üzərində işləyərkən mənə mənəvi dayaq olan və məni unutmayıb, işimin gedişi ilə maraqlanan Yaşar, Fazil, Zakir, Səməd, Qasım kimi elmə qiymət verməyi bacaran dostlarıma və adlarını çəkmədiyim bir çox digərlərinə bu əsərin tezliklə ərsəyə gətirilməsinə daima maraq və mənəvi qayğı göstərdiklərinə görə səmimi təşəkkürümü bildirirəm! Qoy Allah onların əcrini artırsın! Bu son qeydlərimdən məqsəd – bütün oxucularımın əs-Səədi Təfsirini diqqətlə oxumasına, müəllifin çıxartdığı nəticələri üzərində dərindən düşünməsinə, bunları öz yaxınlarına da izah etməsinə və, imkan olduqca, tərcüməçinin elektron ünvanına (odersalafi@gmail.com) öz rəyini bildirməsinə nail olmaq üçün insanlarda maraq və təşəbbüs oyatmaqdır. Gəlin unutmayaq ki, Fövqəluca Allah insanların misqal qədər (və ondan da az) olan xeyirxah əməllərinin hesabını ən gözəl qaydada aparır ki, vaxtı çatdıqda (ya bu, ya da Axirət həyatında) əvəzini ədalətlə versin. Bir qeydim də 19 möcüzəsi və onun 1974-cü ildə kəşf edilməsi barədədir. Diqqət yetirin! Müdriklər Müdriki Fövqəluca Allah Quranı nazil etməzdən öncə onun hansı əsrdə və hansı ildə misilsiz dəlillərlə bir daha təsdiq olunacağını da xariqüladə və ecazkar tərzdə planlaşdırmışdır. Niyə bəs nə səhabələrin dövründə, nə də onlardan sonra onların ardıcılları olan tabeinlərin və sonuncuların ardıcıllarının dövründə bu kəşf üzə çıxarılmamışdır? Cavab çox sadədir. O insanların Muhəmməd Peyğəmbərdən (s.ə.s.) sonra da Qurana bəslədikləri etiqad yüksək səviyyədə və mükəmməl olmuşdur. Zəmanəmizin 1974-cü ilinin ehtiva edildiyi bəşəriyyətin mütləq əksəriyyəti isə Qurana iman gətirməkdən çox uzaq idilər. Sonsuz Mərhəmət və Rəhm Sahibi Fövqəluca Allah insanlara Qiyamətin yaxınlaşması ilə əlaqədar Özünün bir nemətini də bəxş etməklə onlara yaxınlaşan dəhşətli Son (Kainatın Onun əli ilə bükülüb məhv ediləcəyi), Məhşər günü haqqında xəbərdarlıq etmişdir ki, insanlar küfrdən – daşa, ağaca, hər hansı məxluqa inanmaqdan əl çəkib, tək Ona, Vahid Allaha ibadət etsinlər və bununla Qiyamət vəhşətindən xilas olub, Əbədi Səadət Yurduna – Cənnətə qovuşa bilsinlər. Həmd olsun Mərhəmətli və Rəhmli Allaha! O (Pak və Müqəddəs Olan), Ona və Onun elçilərinə iman gətirən möminləri Öz İlahi Dərgahında Əbədi Səadətə qovuşduracaqdır. Təbii ki, buna iman gətirməyənlər küfr sahibləridir ki, onların da məskəni çılğın alovlu Od saçan Cəhənnəmdir.
|